İtaliya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu
İtaliya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
- Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
- Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
- Şəxsiyyət vəsiqənizin surəti
- İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
- Elektron hökumət portalından işlə bağlı arayış*
- Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
- Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
- Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
- 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
- Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
- Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
- Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
- İngilis dilində doldurulmuş ərizə forması
- Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.
Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda İtaliya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.
Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.
Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.
Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.
Viza Proseduru
İtaliya Şengen vizası üçün müraciət İtaliya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqqında qərar Bakıdakı İtaliya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.
Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 08:30-dan 18:30-dək İtaliya Visametric viza müraciət mərkəzinin +994 12 599 88 11 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.
Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Bir qayda olaraq, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.
İtaliya Şengen vizası proseduru müraciət tarixindən etibarən, adətən, 10 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Lakin, təcrübə göstərir ki, sənədlərlə bağlı hər şey qaydasında olduğu təqdirdə və viza müraciətlərinin çox olmadığı bir dövrdə cavab 2-3 iş günə də bəlli ola bilər. Bəzi hallarda isə səfirlik cavabı uçuş tarixindən bir gün qabaq da verə bilir.
Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 21 avro viza mərkəzinin xidmət haqqı ödənilir. Rüsumlar viza mərkəzinin kassalarında, İtaliya Respublikasının Bakıdakı Səfirliyinin təsdiq etdiyi rüblük məzənnəyə əsasən, yalnız manatla ödənilir.