Macarıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.
Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Macarıstan səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və ya rezervasiyalar haqda təsdiq məktubunun alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.
Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 1.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.
Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.
Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.
Macarıstan Şengen vizası üçün müraciət Macarıstan Səfirliyinin konsulluq şöbəsində və ya BLS International adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Macarıstan səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.
Sənədləri konsulluğa təqdim etmək üçün viza görüşü onlayn şəkildə səfirliyin rəsmi saytında təyin edilir.
Sənədləri viza mərkəzinə təqdim etmək üçün isə +994 12 511 12 18 telefon nömrəsinə zəng edərək viza mərkəzində öncədən görüş təyin etmək lazımdır. Viza mərkəzi sənəd qəbulunu bazar ertəsindən cümə gününədək hər gün saat 8.30-dan 14.30-dək həyata keçirir.
Viza müraciəti səfər tarixindən ən tez 3 ay əvvəl edilə bilər və müraciət zamanı şəxsi iştirakı mütləqdir. 12 yaşına çatmamış uşaqların Macarıstan Səfirliyinin Konsulluq Şöbəsinə gətirilməsinə ehtiyac yoxdur, çünki onlardan barmaq izləri götürülmür (lakin onlar üçün ayrı vaxt götürülməlidir, çünki ərizəyə baxılması vaxt tələb edir).
Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.
Viza müraciəti birbaşa konsulluğa müraciət edilərkən, yalnız 35 avro viza rüsumu ödənilir. Müraciətçi konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.
Müraciətçi viza mərkəzinə müraciət etdiyi halda isə, 35 avrodan əlavə 29 avro viza mərkəzinin xidmət haqqı üçün də ödəniş edilməlidir və bu ödəniş sənədləri təqdim edərkən yerindəcə edilir.