Fransa Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu Fransa Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz: Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri Şəxsiyyət vəsiqənizin
Fransa Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu
Fransa Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
Şəxsiyyət vəsiqənizin surəti
İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
İngilis dilində doldurulmuş ərizə forması
Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
Sizi dəvət edən şəxsin Fransada yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)
Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.
Sizə göndərilən dəvət məktubu mütləq rəsmi olmalıdır. Rəsmi dəvət məktubu Fransanın Miqrasiya İdarəsindən əldə edilə bilər. Yalnız birinci dərəcəli qohumunuz sizi dəvət etdiyi halda qeyri-rəsmi dəvət məktubu da təqdim edə bilərsiniz. Rəsmi dəvət məktubunun standart formasında olduğu kimi, qeyri-rəsmi dəvət məktubunda da dəvət edən şəxsin adı, soyadı, yaşadığı ünvan, əlaqə vasitələri, dəvət olunan şəxsin detalları, qalacağı müddət və s. ətraflı şəkildə bildirilməlidir. Əgər siz dəvət edən şəxsin evində qalacağınızı göstərirsinizsə, bu halda səfirlik sizdən evlə bağlı əlavə sənədlər (evin icarə kontraktı, kommunal ödənişlərin sənədləri) də tələb edə bilər.
Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.
Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.
Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.
Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.
Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.
Viza Proseduru
Fransa Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində, konsul tərəfindən verilir.
Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.
Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:
Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
12 yaşdan aşağı uşaqlar
Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
Diplomatik və ya xüsusi pasport sahibi olan və Fransada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
Fransada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)
Şengen viza proseduru müraciət tarixindən etibarən 3-10 iş günü çəkə bilər.
Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.
Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.